İrsi saç tökülməsi. Səbəbləri və müalicəsi
- RQ Raul Emre
- Nov 16, 2023
- 2 min read
Updated: Feb 25, 2024
Hörmətli oxuyucu, saç tökülməsinin elmə məlum bir çox növü vardır ki, onlardan ən çox yayılanı androgenetik alopesiya saç tökülməsidir. Bu saç tökülmə növünə irsi, genetik, hətta daha asan aydın olması üçün kişi tipli saç tökülməsi də deyilir. Bundan əlavə, saç tökülməsinin traksion alopesiya, dartılma nəticəsində saç tökülməsi (ən çox xanımlarda, sağ-sol gicgah nahiyəsində rast gəlinir), diffuz saç tökülməsi (saç tökülməsi bütün baş dərisini əhatə edir), ocaqlı (saç tökülməsi başın yalnız müəyyən hissəsini əhatə edir) saç tökülməsi, degenerativ alopesiya (yaşlanma ilə əlaqədar saç tökülməsi), total alopesiya (bütün bədən tüklərinin tökülməsi) kimi də növləri mövcuddur. Bu yazımda, məqalənin adından anlaşılıdığı kimi kişilər arasında kəskin yayılmış saç tökülmə növü olan androgenetik alopesiya haqqında məlumat verəcəm. Öncəsində qeyd etməliyəm ki, klinikamıza müraciət edən pasiyentlərin əksəriyyətinin şikayəti də bu növ saç tökülməsidir. Bəs androgenetik alopesiya, kişi tipli saç tökülməsi necə yaranır, səbəbləri nədir? Kişi tipli saç tökülməsi genetik olaraq saç köklərimizin öz dihidrotestosteron hormonuna həsas olmasından yaranır. Dihidrotestosteron hormonu kişi bədənində mövcud olan testosteron hormonunun aktiv variantıdır və daha çox alın, orta təpə bölgəsində, baş nahiyəsində toplanır ki, toplandığı nahiyədə piy vəzilərinin işini çoxaldır. Pasiyentlərin şikayətləri də əsasən bu səpkidə olur. Qeyd edirlər ki, saçlarımız daha çox yağlanır, saç tökülməsi intensivləşir. Dihidrotestosteron hormonunun təsirindən piy vəzilərinin hipersekresiyası baş verir, həmçinin, bu hormon saç köklərini qidalandıran damarlarda spazma səbəb olur, qan dövranı pozulur. Nəticədə isə saçlar tökülməyə başlayır. Kişi tipli saç tökülməsinin müalicəsi, qarşısının alınması mümkündürmü? Bir çox müalicə növü mövcuddur, lakin bu müalicələr təcrübədə, sadəcə, saç tökülmə prosesinin ləngidilməsini təmin edir. Birdəfəlik olaraq saç tökülməsinin qarşısını almaq mümkün deyildir. Bugünkü gündə aktiv istifadə edilən minoksidil, finasterid perepratları da saç tökülməsinin qarşısını almaqda acizdir və yuxarıda qeyd etdiyimiz kimi, sadəcə, prosesin ləngidilməsinə kömək edirlər. Kişi tipli, irsi saç tökülməsinin ilkin əlamətləri 20-30 yaşlarından görünə bilər. Bu yaşlarda, məsələn 20 yaşında saç tökülməsi problemi ilə bağlı bizə müraciət edən pasiyentlərdə saç tökülməsində kəskin sərhədlər formalaşmayıbsa, biz ona əməliyyatı tövsiyə etmirik. Yox, əgər başın ön hissəsində saç tökülməsi kəskindirsə və bu fərddə ciddi kompleks yaradırsa, pasiyentə saç əkimi əməliyyatı icra olunur, həmçinin, məlumatlandırılır ki, bu saç tökülməsi 40 yaşına qədər davam edə bilər və gələcəkdə təpə nahiyəsində saç tökülməsi baş verərsə, növbəti saç əkim seansına ehtiyac duyula bilər. Sonda qeyd etmək istərdim ki, saç əkimi əməliyyatı 20 - 65 yaş aralığında olan hər kəs üçün tətbiq edilə bilər. İstisnalar varmı? Əlbəttə var. Belə ki, hipertoniyadan (yüksək qan təzyiqi), şəkərli diabetdən, zobdan, xroniki dəri xəstəliklərdən əziyyət çəkən pasiyentlərə saç əkimi tövsiyə olunmur.
Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü